Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantılarla çirkləndirilib.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakı, Abşeron yarımadası və Sumqayıtı içməli su ilə təmin edən Ceyranbatan su anbarına tökülən Samur-Abşeron kanalından gedir.
Belə vəziyyət Samur-Abşeron kanalının Binə Savxoz adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Görüntülərdən müşahidə edilən budur ki, Ceyranbatan su anbarına bu zibillikdən keçib gedən suyun keyfiyyəti ciddi şübhə altındadır. Sakinlər isə zibilin kanala atılmasında aidiyyəti qurumları günahlandırırlar. Onların sözlərinə görə, kanaldakı zibillik ərazidə tullantıları atmaq üçün yeşiklərin olmaması səbəbindən yaranıb.
Sakinlər kanalın ara-sıra təmizləndiyini desələr də, əraziyə ümumi nəzarətin olmamasından şikayətlənirlər.
Ərazidə yaranan mənzərə ilə bağlı Xəzər rayonu, Binə yaşayış massivi bələdiyyəsindən bildirildi ki, zibil qutularının qoyulması və məişət tullantılarının daşınması bələdiyyənin imkanları xaricindədir. Qeyd olundu ki, vətəndaşların Mənzil Kommunal Təsərrüfat Birliyi və Kommunal Xidmətlər İdarəsi ilə müqavilələri var və müqavilə əsasında zibillər onlar tərəfindən daşınaraq atılır. Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov isə bildirdi ki, Samur-Abşeron kanalı Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyindədir. Həftəsonu olduğundan isə Agentlik rəsmiləri ilə əlaqə yarada bilmədik.
Məlumat üçün bildirək ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində zibil qutularının yerləşdirilməsi zamanı qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. Qanunvericiliyə görə, məişət tullantılarını zibil yeşiklərindən kənara atanlar isə 50 manat məbləğində cərimə olunurlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: