Xəzər Xəbər

Ermənistan təxribatlar törətməklə sülh danışıqlarını ləngitmək istəyir VİDEO

Veb TV | 22:50 • 27 May 2023
Ermənistan təxribatlar törətməklə sülh danışıqlarını ləngitmək istəyir

Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda saxlanılan erməni diversantlarla bağlı birgə məlumat yayıb. 

Məlumatda bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan ordusunun hərbi qulluqçuları - Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib dünən saat 16 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, erməni diversantların məhz Zəngilan istiqamətində dövlət sərhədini pozmaq cəhdinin xüsusi səbəbi olub. Onlar elə zənn ediblər ki, bu rayondakı sərhədçilər digər ərazilərlə müqayisədə ayıq - sayıq deyillər. Amma onların bu cəhdinin qarşısı peşəkarlıqla alınıb.

Ekspert bildirib ki, baş nazir Paşinyan Prezident İlham Əliyevin Rusiyada çıxışı zamanı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib. Belə bir vəziyyətdə, görünür, Ermənistanın baş naziri özü üçün "uğurlu lokal qələbə" ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Ədalət Verdiyev hesab edir ki, sülh danışıqlarını ləngitmək Ermənistanın məlum taktikasıdır.

Qeyd edək ki, saxlanılan diversantlarla bağlı Baş Prokurorluq tərəfindən bir neçə maddə ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar