Xəzər Xəbər

Azərbaycan və Ermənistan yekun razılığa yaxındırlar VİDEO

Veb TV | 23:20 • 19 May 2023
Azərbaycan və Ermənistan yekun razılığa yaxındırlar

Azərbaycan və Ermənistan regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmaya yaxındırlar.

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı ilə baş tutan üçtərəfli görüşdə deyib.

Görüş Rusiya XİN-in “Qəbullar Evi”ndə keçirilib.

İlk olaraq Rusiya Sergey Lavrovun Ceyhun Bayramovla təkbətək və geniştərkibli görüşü keçirilib.

Görüşdə "Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindəyik", - deyə Sergey Lavrov bildirib. Lavrov eyni zamanda birgə layihələrə misal olaraq "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə də toxunub. Rusiyalı diplomat həmçinin Moskvanın Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsində maraqlı olduğunu bildirib.

Moskvada ikitərəfli, üçtərəfli formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirən Ceyhun Bayramov Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanlarını yüksək qiymətləndirib. O, postmünaqişə dövründə normallaşmanın müxtəlif istiqamətlərdən ibarət olan proses olduğunu vurğulayıb.

Daha sonra Sergey Lavrov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. Erməni diplomat bildirib ki, regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə əsaslanan sonrakı delimitasiya prosesində irəliləyişlər əldə olunub. O bir daha mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə irəliləyiş əldə edildiyinə diqqəti çəkib.

Sonra üçtərəfli görüş başlayıb. Görüş çərçivəsində rusiyalı diplomat Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni üzərində aktiv işlərin aparılması istiqamətində açıqlamalarla çıxış edib. Lavrov eyni zamanda tərəflərin artıq yekun razılığa yaxın olduğunu və gələn həftə Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli qrupun iclasının keçiriləcəyinə qərar verildiyini bəyan edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti