Bakıda 45 yaşlı kişi kirayə yaşadığı evdə qətlə yetirilib.
Xezerxeber.az-ın xəbərinə görə, ağır cinayət gecə paytaxtın Binəqədi rayonunda baş verib.
Polisə məlumat daxil olub ki, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi 7B ünvanında ürək nahiyəsindən kəsici-dişici alətlə yetirilməyə xarakterik xəsarət olan kişi meyti var. Dərhal hüquq - mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib və qətlə yetirlən şəxsin həmin ünvanda kirayədə yaşayan 45 yaşlı Rahib Mehdiyev olduğunu aşkar ediblər.
İstintaq qrupu hadisə yerində araşdırma apardıqdan sonra meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Şahid ifadələri alındıqdan sonra cinayətin üstü “isti izlərlə” açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Mehdiyevin ögey oğlu, 2002-ci il təvəllüdlü Elgün Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qonşuların sözlərinə görə, mərhum həyat yoldaşı və bir azyaşlı uşağı ilə kirayədə qalırmış. Axşam dava səsini eşidən qonşular küçəyə çıxdıqda ağır cinayətin baş verdiyini görüblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Elgün Abbasov barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Ötən gün başqa bir ağır cinayət Nizami rayonu 8-ci kilometr bazarının yanında baş verib. Cəmşid Naxçıvanski küçəsində çayxanalardan birində 73 yaşlı Fərman Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 63 yaşlı Hidayət Cəfərov saxlanıb. Məlumatlara görə, cinayət hadisəsi şəxsi münasibətlər zəmnində baş verib. Bu faktla bağlı da cinayət işi başlanıb, istintaq gedir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: