Azərbaycanla Rusiyanın ayrı-ayrı subyektləri arasında ikitərəfli əlaqələrə xüsusi diqqət yetirilir.
Xezerxeber.az xəbər verir ki, bunlardan biri də Azərbaycanla fiziki sərhədləri də yaxın olan Həştərxan vilayətidir.
Həştərxan vilayəti ilə Azərbaycanı mədəni olaraq da bir-birinə bağlayan çoxsaylı nümunələr var. Bu vilayətin Bakı küçəsində ulu öndər Heydər Əliyev adına 11 nömrəli məktəb, Volqa çayının Həştərxandan keçən qolunun sahilində 3,5 hektar əraziyə malik Heydər Əliyev adına park, uşaq bağçası, Rusiya-Azərbaycan dostluq körpüsü və uşaq əyləncə şəhərciyi fəaliyyət göstərir.
Bu gün baş nazirin müavini Şahid Mustafayevlə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasındakı görüşdə də ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi müzakirə edilib.
Bakı küçəsində yerləşən ulu öndər Heydər Əliyev adına 11 nömrəli məktəbdə isə "Heydər Əliyev-100" adlı müsabiqədə qaliblər mükafatlandırılıb.
Daha sonra, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda turizm, təhsil, nəqliyyat, logistika, kiçik və orta sahibkarlığa dəstək sahəsində əməkdaşlıq müzakirə edilib. Həştərxan vilayətində yerləşən Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutu da ziyarət edilib. Təhsil ocağında Heydər Əliyev adına elmi-tədqiqat labaratoriyası istifadəyə verilib.
Nümayəndə heyəti, Ulu Öndərin abidəsini, "Əbədi məşəl" memorial kompleksini də ziyarət edib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: