Xəzər Xəbər

Prezident və birinci xanım ŞUŞA-da... VİDEO

Veb TV | 23:30 • 8 May 2023
Prezident və birinci xanım ŞUŞA-da...

Xəbər verdiyimiz kimi, Prezident və birinci xanım Şuşaya səfərləri çərçivəsində əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir.  Yol Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.

Layihəyə əsasən, yolun bu hissəsində dərə üzərində 5 körpü, 6 tunel və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda son tamamlanma işləri icra olunur. Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.

Ardınca Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı nasos stansiyasını işə salıb.

Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlılığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.

Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti