İçərisində onlarla avtomobil olan cərimə meydançası sahibsiz qalıb.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi şosesi 53 ünvanında yerləşən cərimə meydançasındakı avtomobillərə sahib çıxan yoxdur.
Uzun müddətdir buranın mühafizəçisi işləyən Elsevər Bağırov “Xəzər Xəbər”ə deyir ki, 1 ay əvvəl meydançanın yeri dəyişdirilsə də, avtomobilləri aparan olmayıb. Buranın cərimə meydançası kimi fəaliyyət göstərməsini əks etdirən müqavilənin müddəti isə aylar əvvəl bitib.
Mühafizəçi Elsevər Bağırov vaxtını maşınların yanında boş yerə sərf etməkdən şikayətçidir. O deyir ki, hazırda işinə görə maaş almır. Ancaq qorxusundan ərazini tərk etmir ki, meydançada oğurluq hadisəsi baş versə onu ittiham edə bilərlər.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi idarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan avtodayanacaq Baş Dövlət Yol Polisi idarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin balansında deyil.
Bu səbəbdən də meydançadakı avtomobillərin aqibətinin necə olacağı qeyri-müəyyən olaraq qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: