Xəzər Xəbər

“Bakı Marafonu 2023” keçirilib VİDEO

Veb TV | 21:38 • 7 May 2023
“Bakı Marafonu 2023” keçirilib

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.

Xezerxeber.az xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplaması ilə seçilir.

Budəfəki marafonda iştirak etmək üçün 19 min 500 nəfər qeydiyyatdan keçib. 

Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olub.

"Bakı Marafonu 2023"ün səhnə proqramı və əyləncə tərəfdaşlığını "Xəzər Media Mərkəzi" həyata keçirib.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.

Sonda qaliblər müəyyənləşib. Qadınların yarışında Ukrayna təmsilçisi Natalya Simonoviç birinci olub. Türk Hasibe Demir yarışı ikinci, ukraynalı digər atlet Valentina Paltavska üçüncü pillədə başa vurublar.

Bakı Marafonunda kişilərin mübarizəsində ilk üçlükdə ukraynalı Boqdan Simonoviç, Gürcüstan təmsilçisi Davidi Karataşvili və türk Hakan Çoban yer alıblar.

Sonra mükafatlandırma mərasimi təşkil olunub. “Bakı Marafonu 2023”ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000 manat, 3-cü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

Finiş xəttini keçən fiziki imkanları məhdud ilk 6 iştirakçıya da mükafatlar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti