Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib.
Dövlət başçısı Xudafərin qəsəbəsinin və Horovlu kəndinin təməlini qoyub.
Prezident "Azərenerji" ASC-nin "Cəbrayıl" enerji qovşağının açılışında iştirak edib. Ölkə başçısına 330 kV-luq yarımstansiya ərazisində görülən işlər barədə məlumat verilib. Prezident rayon ərazisində aparılan tikinti işləri ilə də tanış olub.
Daha sonra ölkə başçısı Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.
Cəbrayıl rayonundan sonra prezident İlham Əliyev Laçın rayonuna səfər edib. Dövlət başçısı Güləbird kəndinin təməlqoyma mərasimində iştirak edib.
Ölkə başçısına bildirilib ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlər inşa ediləcək. Ərazidə həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikilməsi planlaşdırılır.
Dövlət başçısı Laçın sonra Qubadlı rayonuna yollanıb və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verib. Bildirilib ki, ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.
Dövlət başçısı Qubadlı şəhərində tikiləcək inzibati binanın, 600 yerlik məktəb binasının və 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimində iştirak edib. Prezidentə layihələr barədə ətraflı məlumat verilib.
Daha sonra prezident Qubadlı rayonun Xanlıq və Mahruzlu kəndlərinin təməlini qoyub.
Dövlət başçısı Zəngilan rayonuna səfər edib.
Prezident səfər çərçivəsində Zəngilan şəhərində inzibati binanın, otel kompleksinin və Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacağı barədə prezidentə məlumat verilib.
Ölkə başçısı həmçinin Zəngilan rayonunda inşa edilən "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə də tanış olub. Prezidentə məlumat verilib ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.
Sonra isə prezident İlham Əliyev Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib.
Birinci mərhələdə kənddə 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır.
Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur. Prezidentə məlumat verilib ki, Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: