Ötən gecədən başlayaraq Azərbaycanın dağlıq rayonlarına qar yağıb. Bəzi ərazilərdə qarın qalınlığı 20 sm -ə qədər çatıb. Şuşada qardan sonra yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Xezerxeber.az-ın məlumatına görə, temperaturun aşağı düşməsi dağ yollarının bəzi yerlərində buzlamaya səbəb olub.
Daşkəsənə də yağan qarın qalınlığı rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Şimal-qərb bölgəsində isə 3 dərəcə şaxta qeydə alınıb. Zaqatalanın Car, Meşleş, Sabunçu və digər dağ kəndələrinə təqribən 5-6 sm qar düşüb.
Qax rayonunun Sarıbaş kəndinə yağan qarın hündürlüyü 7 sm olub.
Qəbələdə də gecə saatlarından güclü qar yağışı müşahidə olunub. Qar rayon mərkəzində 8-15 sm, dağlıq və dağətəyi ərazilərdə isə 20 sm-dən artıq olub.
Oğuzun Filfilli, Xaçmaz, Xal-Xal, Baş Daşağıl və digər kəndlərdə hazırda qarın qalınlığı 10-15- sm-dir.
Qubanın Əlik, Aydınkənd və digər dagətəyi kəndləri qarın daha çox yagdığı ərazilərdir. Vətəndaşlar qarın onlara problem yaratmadığını bildiriblər.
Milli Hidrometeorologiya Xidmətinin aprelin 1-nə olan məlumatına əsasən, ümumilikdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, arabir intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: