Xəbər verdiyimiz kimi, Ermənistan Zəngilan rayonu istiqamətində təxribat törədib, 1 sərhədçimiz yaralanıb.
Xezerxeber.az məlumat verir ki, gecə saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb. Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.
"Bu hadisə Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirilir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür", - deyə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik.
Poltoloq Zaur Məmmədov "Xəzər Xəbər"ə deyir ki, təxribatların intesivləşməsi Ermənistanın məqsədli şəkildə sülh müqaviləsi imzalamaqdan yayınmasını göstərir və İrəvan bütün görüşlərdə ikiüzlü siyasət aparır. Ən son görüşlərdə əldə edilən nəticələr baş nazir Nikol Paşinyan tərəfindən heçə sayılır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: