Xəzər Xəbər

Əlilliyi olan şəxslərin işlə təmin olunmasına əngəl nədir? VİDEO

Kvotaya əməl etməyən müəssisələr qanunla məsuliyyətə cəlb edilməlidir.
Veb TV | 17:56 • 20 Mart 2023
Əlilliyi olan şəxslərin işlə təmin olunmasına əngəl nədir?

Əlilliyi olan bəzi şəxslərin işlə təmin olunması ilə bağlı müəyyən əngəllər var. Xezerxeber.az məlumat verir ki, xüsusilə rayonlarda belə şəxslər hətta müəyyən sahə üzrə bilik və bacarıqları olsa da, hazırda işsizdir. 

Onlardan biri Ağdaşın Abad kənd sakini Qənirə Xəlilovadır. Üç yaşında keçirdiyi ağır xəstəlik səbəbindən ayaqları və bədəni iflic olan Qənirə Xəlilova böyüdükcə onun mübarizə əzmi də güclənib. O, 10 yaşından rəssamlıq sənətini öyrənməyə başlayıb. 29 yaşlı rəssam xanım əvvəllər Bilik Fondunda fəaliyyət göstərən rəssamlıq dərnəyində bir il müəllim kimi çalışıb. Ancaq, hazırda işsizdir.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov "Xəbər Ertəsi"nə bildirir ki, mütəxəssislər rəqabətli əmək bazarında əlilliyi olan şəxsləri işə götürmək istəmir. Bunun da əsas səbəblərindən biri belə şəxslər üçün nəzərdə tutulan bütün imtiyazların işəgötürənlərin üzərinə qoyulmasıdır.

Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün müəyyən tədbirlər görülsə də, xüsusilə regionlarda bu kateqoriyadan olan şəxslər üçün münasib işlər çox azdır. Qanunvericiliyə əsasən isə istisna təşkil etməyən kommersiya qurumlarına əlillərin işləməsi üçün kvota təyin edilib. Bu kvota da əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisədəki işçilərin orta sayının 5 faizindən çox olmaması şərtilə müəyyən edilir.

Hüquqşünas deyir ki, kvotaya əməl etməyən müəssisələr qanunla məsuliyyətə cəlb edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar