Xəzər Xəbər

Qarabağda daha 21 kənd və qəsəbənin inşasına başlanır VİDEO

Veb TV | 20:25 • 3 May 2022
Qarabağda daha 21 kənd və qəsəbənin inşasına başlanır

Yaxın vaxtlarda işğaldan azad edilmiş bir neçə rayonun kənd və qəsəbələrində yaşayış məntəqələri salınacaq. Artıq bu məqsədlə 21 yaşayış məntəqəsinin layihələndirilməsi işlərinin həyata keçirilməsi üçün 11 milyon manatlıq tenderə yekun vurulub.

Xezerxeber.az-ın məlumatına görə, dövlət satınalmaları elektron portalında qeyd edilib ki, bu yaşayış məntəqələri Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli, Xocavənd, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində salınacaq.

Artıq Laçın rayonunun Qorçu qəsəbəsi və Şəlvə, Güləbird kəndlərinin, Ağdam rayonunun Xıdırlı , Kəngərli , Sarıcalı, Cəbrayıl rayonunun Şükürbəyli , Horovlu kəndlərinin və Xudafərin qəsəbəsinin layihələndirilməsinə başlanıb.

Tenderdə, həmçinin Qubadlı rayonu üzrə Zilanlı, Xanlıq, Mahruzlu kəndlərinin, Zəngilanın Məmmədbəyli, Cahangirbəyli , Şuşa rayonunun Daşaltı yaşayış məntəqəsinin layihələndirilməsi nəzərdə tutulub. Bundan başqa, Kəlbəcərin Zar, Zallar, Yanşaq kəndləri, Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndi bu siyahıya daxildir. Layihələndirmə üzrə ən böyük satınalma Xocavənd rayonunun Hadrut və Tuğ qəsəbələrinin və ətraf kəndlərin bərpası ilə bağlıdır.

Mövzu ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib ki, qeyd olunan kənd və qəsəbələrin inşası və yenidən qurulmasına yaxın zamanlarda başlanacaq. Artıq bu məqsədlə layihələşdirmə və bəzi yaşayış məntəqələrinin inşası üçün dövlət büdcəsindən maliyə də ayrılıb.

Vüqar Bayramovun sözlərinə görə, Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması, ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də sürətli şəkildə həyata keçirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk ''Ağıllı kənd'' layihəsi hazırdır. Bundan sonra Füzuli rayonunda da ikinci ''Ağıllı kənd''layihəsi həyata keçiriləcək. Burada layihələndirmə və minalardan təmizlənmə işləri başa çatdırlıb. İşlərə yaxın vaxtlarda başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar