Polis Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirilib. Əməliyyat zamanı 9 nəfər saxlanılıb və onlardan külli miqdarda narkotik vasitə aşkar edilib.
DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Əməliyyatlar zamanı “Kubinka”, “Papanin” və digər ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olan Cəlal Məhərrəmli, Samir Süleymanov, Elçin Quliyev, İsa Nəsirov, Musa Musayev, Sevinc Həsənova, Zamin Manafov, Rüfət Xudayarov və Nicat Cəfərov tutulublar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.