Güclü külək Yevlax rayonu, Yəldilli kənd qəbiristanlığında ağacı məzarın üzərinə aşırıb. Nəticədə qəbir daşı aşıb və parçalanaraq dağılıb.
Xezerxeber.az-ın məlumatına görə, güclü küləyin aşırdığı ağac rayonun Duzdağ kənd sakini, 4 il öncə vəfat edən Kifayət Pənahovanın məzar daşını dağıdıb.
Qəbiristanlığa gələn mərhumun övladları, qohumları məzarı sınmış vəziyyətdə görüb ürək ağrısı keçirirlər. Onlar maddi imkanları olmadığından onu bərpa edə bilmədiklərini deyirlər.
Mərhumun övladı Elşən Pənahov dəymiş ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlardan kömək istəyir.
Yevlax rayonun Duzdağ kənd sakininin problemi ilə bağlı Nemətabad kənd icra nümayəndəliyinə müraciət etdik. Nümayəndə Akif Abbasov bildirdi ki, baş verən hadisədən xəbərdardırlar. Elşən Pənahovun anasının qəbir daşının bərpası üçün həm bələdiyyə, həm də icra nümayəndəliyi köməklik göstərəcək. Nümayəndəlikdən o da bildirildi ki, qəbirstanlıqda digər təhlükə yarada biləcək ağaclar da var. Bununla bağlı rayon ekologiya idarəsinə müraciət ünvanlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: