Hindistanda nəhəng zibil poliqonunda başlamış yanğın genişləniməkdədir. “India Today” yanğınsöndürənlərin 4 gündür ki, "zibil dağı"nda başlayan yanğının öhdəsindən gələ bilmədiyini yazıb.
Bu isə ətrafa daha çox ekoloji ziyanın vurulması ilə nəticələnir.
"Yanğın aprelin 26-da başlayıb və ətraf mühit naziri Qopala Rainin sözlərinə görə, belə geniş miqyas alması məmurların səhlənkarlığı üzündən baş verib", - yerli media yazıb.
Nazirin sözlərinə görə, bələdiyyə korporasiyaları Dehlidə yaranmış bu nəhəng "zibil dağlarını” vaxtında daşımalı, xüsusi buldozerlərdən istifadə etməli idi. O hesab edir ki, paytaxtın zibilxanalarında dəfələrlə baş vermiş oxşar yanğınlar korrupsiyanın nəticəsidir. Qeyd olunur ki, Dehlinin Çirklənməsinə Nəzarət Komitəsi yanğının qarşısını almaq üçün lazımi tədbirlər görmədiyi üçün Şimali Dehli Bələdiyyə Korporasiyasını 5 milyon hind rupisi (65 min ABŞ dollarından çox) məbləğində cərimələyib.