İndiki dövrdə dərsliklər uşaqları öyrətmək əvəzinə, daha çox öyrətməməyə yönəlib. Bu fikir bu gün dərsliklərin müzakirə edildiyi tədbirdə səsləndirilib. Ekspertlərin iradlarına rəsmi qurumlar cavab veriblər.
Dərsliklər arasında daha çox problem tarix, ana dili və xarici dil kitablarındadır. Bunu təhsil eksperti Kamran Əsədov Təhsil İnstitutunda dərsliklərdəki problemlərin müzakirə olunduğu görüşdə səsləndirib. Onun sözlərinə görə, dərsliklər şagirdlər üçün öyrədici funksiyanı yerinə yetirmir. Kamran Əsədov deyib ki, problemlər məzmun və dizaynla yanaşı, yazılma mənbələrində də var. Nəticədə problemlər şagirdlərin nəyisə öyrənmələrinə yox, məhz öyrənməmələrinə səbəb olur
Bunun nəticəsidir ki, cari il üzrə buraxılış imtahanı verən şagirdlərin 300-dən çoxu sıfır bal toplayıb. Ekspertin fikrincə, bütün bunlarla bərabar kitablardakı yersiz məlumat çoxluğu da uşaqların beynini yükləyir.
Ekspertin iradları ilə bağlı Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib ki, dərsliklərdəki problemlər əsasən müəlliflərin özlərindən qaynaqlanır. Müəllifləri isə Təhsil Nazirliyi müəyyənləşdirmir.
Tədbirdə həmçinin qeyd olunub ki, sadalanan problemlərin səbəblərindən biri də dərsliklərin yazılması üçün verilən müddətin az olmasıdır.