Bu gün istismara verilən Zərifə Əliyeva gəmi-bərəsinə mediatur təşkil edilib.
Xezerxeber.az-ın məlumatına görə, media nümayəndələrinə unikal layihə əsasında hazırlanan gəmi ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, bu gəmi-bərə digər gəmilərdən bir çox özəllikləri ilə seçilir. Yeni gəmi Xəzər dənizində Azərbaycanın yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Gəmidə yük lifti, helikopter meydançası, dartıcı lokomotivlər və sürətli xilasedici qayıqlar var.
"Azərbaycan" və "Zərifə Əliyeva" gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür.
Xatırladaq ki, ötən ilin martında Süveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsini beynəlxalq gündəlikdə önə çıxarmışdı. Hazırkı geosiyasi təlatümlər fonunda isə bu məsələ aktuallığını xüsusilə artırıb. Buna görə də Şərq-Qərb-Transxəzər dəhlizi xüsusilə cəlbedici görünür və Azərbaycan da yeni çağırışlara adekvat olaraq infrastrukturunu yaxşılaşdırır. Gəminin layihə rəhbəri Fuad Mədətov bildirib ki, Zərifə Əliyeva gəmi-bərəsi 3 il müddətində hazırlanıb. Gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən "Ro-Pax" tipli "Azərbaycan" gəmi-bərəsi ilə eynidir.
Gəmi-bərənin baş mexaniki Elçin Rüstəmov qeyd edib ki, gəmi ən son texnologiyalarla təchiz edilib.
Gəmidə sərnişinlərin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.
Gəminin kapitanı Təhmuraz İsmayılov isə bildirib ki, gəmi sınaqlardan uğurla keçib.
Qeyd edək ki, "Zərifə Əliyeva" gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək. Bu gün ASCO-nun donanmasında 13 bərə gəmisi, "Ro-Ro" tipli 2 gəmi və "Ro-Pax" tipli 1 gəmi fəaliyyət göstərir. Hazırda ASCO dəmir yolu vaqonlarının dəniz vasitəsilə daşınmasını təmin edən Xəzərdə yeganə bərə operatorudur. Qeyd olunan donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən bütün istifadəçilər yararlanırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: