Artıq üç gündür ki, Ermənistanda bir çox siyasi partiyalar bu ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirirlər. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Koçaryan-Sarkisyan cütlüyünün tərəfdarları da Ermənistanın ölkəmizlə sülh müqaviləsi imzalamasına mane olmaq üçün Paşinyan hakimiyyətinə təzyiqləri artırıb. Ekspertlər vaxtilə Ter-Petrosyana qarşı da eyni senari ilə hərəkət etmiş bu klanın indi arzularını gerçəkləşdirə bilməyəcəklərini proqnozlaşdırırlar.
Mövzuya münasibət bildirən politoloq Murad Sadəddinov deyib ki, istər Ermənistanın siyasi elitası, istərsə də hakimiyyəti xarici faktorlardan çox asılıdır. Erməni diasporunun da bu ölkənin idarə edilməsində təsiri böyükdür. Bu qədər xarici rıçaqlara açıq olan Ermənistan hakimiyyəti Brüssel görüşündən sonra daha çox təzyiqə məruz qalır. Hazırda Ermənistan müxalifəti müxtəlif sosial tələblərlə də çıxış edir. Amma onların tək amalı Paşinyan hakimiyyətini sülh fikrindən daşındırmaqdır.
Azərbaycanın sülh müqaviləsi imzalanması üçün təklif etdiyi 5 əsas maddəni Paşinyan hakimiyyətinin qəbul etməsi ilə bağlı açıqladıqları bəyanatlar xüsusən də bu ölkədəki Qarabağ klanını aktivləşdirib. Azərbaycan torpaqlarının işğalında və dinc əhaliyə qarşı amansızlıqda iştirak etmiş Koçaryan-Sarkisyan cütlüyü hazırda bütün gücünü sülhün mümkünsüzlüyünə səfərbər edib. Amma belə bir siyasi situasiya Ermənistan üçün ilk hal deyil.
Murad Sadəddinov hesab edir ki, bu dəfə Koçaryan-Sarkisyan cütlüyünün arzusu reallaşmayacaq. Çünki hazırda sülhü diktə edən tərəf Azərbaycan indi çox güclüdür və Ermənistan rəhbərliyinin də sülhdən başqa yolu yoxdur. Hələliksə, Paşinyan hakimiyyətinin sülhlə bağlı atacağı bütün addımlardan sonra belə nəticəsiz etiraz aksiyalarının Ermənistanda davam edəcəyi proqnozlaşdırırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: