Xəzər Xəbər

Ceyhun Bayramov: Ermənistandan konkret addımların atılmasını gözləyirik VİDEO

Veb TV | 19:55 • 27 Aprel 2022
Ceyhun Bayramov: Ermənistandan konkret addımların atılmasını gözləyirik

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması bütün Cənubi Qafqaz regionu ölkələrinin marağındadır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Ceyhun Bayramov deyib ki, bu məsələdə Gürcüstan da maraqlıdır. Gürcüstan ilə münasibətlərimiz əməkdaşlığın uğurlu modeli kimi istifadə edilə bilər

Gürcüstanın yeni xarici işlər naziri İlya Darçiaşvilinin ilk səfərini Azərbaycana etməsini iki ölkə arasındakı  dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi kimi qəbul edirik. Gürcüstanlı həmkarı ilə jurnalistlər qarşısında çıxış edən xarici İşlər naziri Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyədə siyasi münasibətlərlə yanaşı, güclənən iqtisadi əlaqələrin də olduğunu deyib. 

2020-ci ilin 10 noyabr tarixində 3 tərəfli bəyanat imzalanan zaman şərtlərə uyğun olaraq, regionda komunikasiyaların açılması prioritet istiqamət olaraq elan edilmişdi. Bir ildən artıq müddət ərzində baş nazirlərin müavinlərinin rəhbərliyi ilə fəaliyyət göstərən komissiya çərçivəsində Azərbaycan öz töhfəsini verir deyən Xarici işlər naziri Ceyhun Bayramov təəssüflə bildirib ki, burada nəticə zaman etibarı ilə ilkin gözləntilərə tam uyğun getmir. Odur ki, Ermənistanin öz vədlərini yerinə yetirməsinin vaxtıdır. 

Nazirlər Gürcüstan və Azərbaycan arasında iqtisadi, energetika, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı yüksək qiymətləndiriblər, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və beynəlxalq əhəmiyyətli digər layihələr qeyd olunub. 

Xəbər lenti