"Hesablama Palatası azad edilən ərazilərin bərpasına ayrılan vəsaitin auditini aparacaq".
Xezerxeber.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Sədr həmçinin cari ildə qarşıda duran vəzifələrdən də danışıb.
Plenar iclasda millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Millət vəkili Tahir Kərimli kredit borclarının silinməsini təklif edib. Razi Nurullayev isə vətəndaşların işdən öz ərizəsi ilə çıxarılmalarına diqqət çəkib.
Plenar iclasda "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliklərə görə yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçməyə icazə veriləcək. Yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Hazırda yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib.
Vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının hesablanması qaydası da dəyişir. Layihəyə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq. Bundan başqa 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxacaq.
"Sosial müavinətlər haqqında" qanuna təklif edilən bir sıra dəyişikliyə görə isə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.
Qeyd edək ki, müzakirə edilən qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: