İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti layihələri sürətlə davam edir. Belə layihələrdən biri də başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur.
Xezerxeber.az-ın məlumatına görə, bu yolun uzunluğu 66 kilometr təşkil edəcək.
Həmçinin sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işləri davam etdirilir.
Bununla paralel, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 36 kilometrlik hissəsində torpaq işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması işləri görülüb. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunur.
Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: