Ötən gün vulkan püskürməsi Daşlı adada baş verib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında açıqlama verilib.
Dörd qurumun nümayəndələrinin iştirak etdiyi konfransda bildirilib ki, palçıq vulkanı ötən axşam saat 21:51 radələrində püskürüb. Xəzər dənizinin Salyan rayonu istiqamətində, sahildən təqribən 30 kilometr məsafədə qeydə alınan püskürmə 1480 metr dərinlikdə baş verib və 8 dəqiqə davam edib.
Hadisə zamanı hər hansı bir obyektə zərər dəyməyib və xəsarət alan olmayıb.
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri cəlb olunub və Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanıb. Uçuşlar zamanı da palçıq vulkanının püskürməsi faktı öz təsdiqini tapıb.
Hazırda küləkli hava şəraiti adaya gəmilərin yaxınlaşmasına imkan vermir. Əlverişli şərait yaranan kimi ətraf mühitdəki dəyişikliklərin nəzarətdə saxlanması məqsədilə orada elmi tədqiqatlar aparılacaq.
Gecə saatlarında Xəzər dənizində zəlzələ də olub. Lakin bu hadisələr narahatlığa heç bir əsas vermir.
Daşlı adaya yollanacaq ekspedisiyanın əldə edəcəyi məlumatlar ictimaiyyətə açıqlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: