Xəzər Xəbər

İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb

Texnologiya | 13:37 • 7 Dekabr 2024
İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb

İtaliya “Vega-C” daşıyıcı raketi ilə “Sentinel-1C” Yerin müşahidə peykini orbitə çıxarıb.

Xezerxeber.az xəbər verir ki, “Vega-C” daşıyıcı raketi Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasının Kuru kosmodromundan buraxılıb. “Sentinel-1C” Avropa İttifaqının kosmik proqramının Yerin müşahidəsi komponenti olan “Kopernik”in bir hissəsidir. Peyk Avropa Kosmik Agentliyi (ESA), “Avio” və “Thales Alenia Space” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Təxminən 2,2 ton buraxılış kütləsi ilə “Sentinel-1C” aşağı yerətrafı orbitdə 700 kilometr hündürlükdə 7 il ömür sürəcək. Peykdən əldə olunacaq məlumatlar Avropanın bir neçə mərkəzində, Materada yerləşən “Telespazio” və İtaliya Kosmik Agentliyinin birgə müəssisəsi olan “e-GEOS” kosmik mərkəzinin stansiyasında toplanacaq.

İtaliyanın Baş naziri Ciorcia Meloni “Sentinel-1C” peykinin orbitə çıxarılmasının ölkəsinin Avropa məkanında aparıcı rolunu bir daha təsdiqlədiyini bildirib. Qeyd edib ki, bu uğur sayəsində İtaliya rəqabət qabiliyyəti və təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik kosmosa avtonom çıxışı olan dünyada nadir ölkələrdən birinə çevrilib.

Xəbər lenti

Çox oxunanlar