Kembric Universiteti neyroşəbəkələrdən, yəni “ChatGPT-4”dən klinik tibb sahəsində istifadə imkanlarını araşdıran yeni araşdırma dərc edib.
AZƏRTAC təhsil ocağının rəsmi saytına istinadla xəbər verir ki, Kembric Universitetinin Klinik Tibb Məktəbində aparılan tədqiqatın müəllifi Arun Tirunavukarasu “ChatGPT”nin oftalmoloqun işinin öhdəsindən 86 faiz gəldiyini müəyyən edib. Onun göstəriciləri tələbələrdən və kiçik həkimlərdən daha yaxşıdır.
Həm həkimlərə, həm də AI-yə müxtəlif oftalmoloji problemləri olan silsilə hallar (konkret vəziyyətin təsviri və onun həlli yolları - red.) təqdim olunub. Qarşıya qoyulan vəzifə diaqnozu düzgün qoymaq və təklif olunan dörd variantdan ən effektiv həlli seçmək idi. Testə tədqiqatçıların oftalmologiya tələbələrini sınamaq üçün istifadə olunan dərslikdən götürdükləri göz problemləri ilə bağlı müxtəlif suallar daxil idi. Bu dərs vəsaiti onlayn olaraq sərbəst mövcud deyil, ona görə də onun məzmununun “GPT-4”ün təlim-məlumat bazasına daxil olması ehtimalı azdır.
Yekun nəticələr belədir: “ChatGPT-4” təcrübəli oftalmoloqlar kimi tapşırığın öhdəsindən gəlib. Süni intellekt yalnız sınaqda ən yüksək bal toplayan bir neçə həkimdən geri qalıb.
Tədqiqatçılar hələ ki, neyroşəbəkələrin bir gün canlı həkimləri əvəz edə biləcəyini demirlər. Bununla belə, aydındır ki, çox tezliklə AI təkcə oftalmoloqlar deyil, həm də ümumi təcrübə keçən tələbələr üçün əla köməkçi ola biləcək.
“Hansı xəstələrin təcili yardıma ehtiyacı olduğunu daha tez müəyyən etmək üçün AI-dən istifadə edə bilərik. Neyroşəbəkələrin daha da inkişafı ilə xəstələr həkimdən tez məsləhət almaq mümkün olmadıqda, dərhal onlardan istifadə edə biləcəklər”, – deyə Arun Tirunavukarasu qeyd edir.