2019-cu ildən bəri Fransanın silah ixracı artıb. Son illərdə Fransa müdafiə sənayesi silah ixracatında dünyada ikinci yeri tutur.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) son hesablamalarına görə, 2019-2023-cü illərdə Fransanın silah satışları Rusiyanı üstələyib. Belə ki, 2014-2018-ci illərlə müqayisədə Fransanın xarici satışları iki dəfə artıb.
Əsas silah ixracatçısı olan ölkələr arasında yalnız İtaliyanın daha güclü artım (+86 faiz) nümayiş etdirdiyi qeyd olunur. SİPRİ-nin hesabatına əsasən, 2019-2023-cü illərdə Avropaya silah idxalı 94 faiz artıb və son 5 il ərzində Avropanın Amerika tədarükçülərindən asılılığı ən yüksək səviyyəyə çatıb.
Hindistan dünyanın aparıcı silah alıcısı, Fransa isə onun ikinci tədarükçüsüdür. 2019-2023-cü illər arasında Hindistan silahlı qüvvələri tərəfindən xarici istehsalçılardan alınan silahların üçdə iri Fransa mənşəlidir.
Hindistandan sonra Fransanın ənənəvi silah müştərisi Qətərdir. Ancaq Fransa hələ də ən yaxın müttəfiqlərini, yəni Avropa İttifaqının digər ölkələrini cəlb etmək üçün ciddi-cəhdlə çalışır. Aİ üzvü olan ölkələr arasında Yunanıstan fransız texnikasına daha çox etibar edir. Digər Avropa ölkələri ABŞ istehsalına üstünlük verir və 2019-cu ildən bəri onların idxal etdiyi silahların 55 faizi məhz Amerikadan gəlir.
Hindistan, Qətər, Yunanıstan... Bu üç ölkənin ortaq cəhətləri Rafale döyüş təyyarələri sifariş etmələridir. Təkcə Rafale 2019-2023-cü illərdə Fransanın silah ixracatının 31 faizini təşkil edib. Fransa müdafiə sənayesinin silah ixracatında dünya 2-cisi kimi özünü təsdiqləməsində Rafale və onun mərmilərinin satışı xüsusi rola malikdir.