Türkiyənin “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatlarını (PUA) əldə edən ölkələrin sayı artır.
Xezerxeber.az xəbər verir ki, “Baykar” istehsalçı şirkətinin məlumatına görə, daha çox tələbat olan “Bayraktar TB2” PUA-larının tədarükü ilə bağlı artıq dünyanın 33 ölkəsi ilə, “Bayraktar Akıncı”nın tədarükünə dair isə 9 ölkə ilə müqavilələr bağlanıb.
Qanadının uzunluğu 20 metr olan “Bayraktar Akıncı” PUA-ları öz arsenalında Türkiyə istehsallı “ağıllı” döyüş sursatına malikdir.
Hücum PUA-sının birinci uçuşu 2019-cu il dekabrın 6-da yerinə yetirilib, 2021-ci il avqustun sonundan isə “Bayraktar Akıncı” döyüş növbətçiliyində öz yerini tutub.
Bu dron havada 24 saatadək qala və 12 kilometrdən artıq yüksəkliyə qalxa bilir. Pilotsuz konstruksiya avtonom uçuş-enmə funksiyası ilə təmin olunub. PUA-nın faydalı yükü 1,5 ton təşkil edir.
“Bayraktar Akıncı”nın tədarükü üzrə ixrac müqaviləsi 2022-ci il yanvarın 23-də imzalanıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə “Bayraktar Akıncı”nın tədarükü və birgə istehsalına dair ötənilki müqavilə Türkiyənin müdafiə sənayesi tarixində birbaşa bağlanan müqavilənin həcminə görə ən böyüyü olub.
2023-cü ilin yekunlarına görə, “Baykar” şirkəti ümumilikdə 1,8 milyard dollar dəyərində ixrac həyata keçirib.