Cihazlardan istifadə eşitmə qüsurlu insanların ömrünü uzada bilər.
Xezerxeber.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-də araşdırma aparılıb.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları eşitmə cihazlarının insan ömrünə təsirini tədqiq ediblər. Onlar 1999-2012-ci illər arasında eşitmə itkisi olan təxminən 10 min insanla bağlı Milli Sağlamlıq və Qidalanma Araşdırması ilə əldə edilən məlumatları toplayaraq, həmin insanlarla yenidən əlaqə saxlayıb və onların mövcud sağlamlıq durumlarını sorğulayıblar. Bu şəxslərin 1863-ü eşitmə itkisi olduğunu qeyd edərkən, 237-si müntəzəm olaraq eşitmə aparatlarından istifadə etdiyini bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, eşitmə qabiliyyətini itirən insanlar arasında cihazlardan istifadə edənlər istifadə etməyənlərə nisbətən 24 faiz daha çox yaşayır.
Araşdırmanın müəlliflərindən olan Janet Choi diqqətə çatdırıb ki, tədqiqatın nəticələri həyəcanvericidir, çünki bu, eşitmə cihazlarının insanların sağlamlığına qoruyucu təsir edə biləcəyini və vaxtından əvvəl ölümün qarşısını ala biləcəyini göstərir.
Tədqiqatın nəticələri “The Lancet Healthy Longevity” jurnalında dərc olunub.