“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 22 “Starlink” peykini orbitə çıxarıb.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, “Falcon 9” fevralın 15-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 13:34-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 5,8 mindən çox peyk buraxıb. Hazırda onların 5,5 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.