Xəzər Xəbər

Çin kosmosda 6G texnologiyasını sınaqdan keçirir

Texnologiya | 13:12 • 14 Fevral 2024
Çin kosmosda 6G texnologiyasını sınaqdan keçirir

Mobil abunəçilərin sayı baxımından dünyanın ən böyük telekommunikasiya operatoru olan “China Mobile” şirkəti 6G texnologiyasını sınaqdan keçirmək üçün planetimizin ilk müvafiq peykini uğurla orbitə buraxıb. Çin kompaniyası bu addımı ilə inteqrasiya olunmuş kosmos və yerüstü kommunikasiya texnologiyalarını araşdırmaq səylərində yeni bir mərhələnin əsasını qoyub.

AZƏRTAC “China Daily” nəşrinə istinadla xəbər verir ki, Çinin yeni layihəsi kosmosa buraxılan peyk texnologiyasında əhəmiyyətli bir mərhələni başladacaq. Belə ki, Yerin aşağı orbitində yerləşdirilən sınaq peyki innovativ 6G dizaynı arxitekturasını özündə birləşdirir.

Nəşrin xəbərində bildirilir ki, 6G texnologiyasının sınaq peyki “China Mobile” və Çin Elmlər Akademiyasının Mikropeyklər üzrə İnnovasiya Akademiyası tərəfindən birgə hazırlanmış muxtar struktura malikdir. Çinli mütəxəssislər bildiriblər ki, yerli proqram və aparatdan istifadə edən sistem orbitdə proqram təminatının yenidən qurulmasını, əsas şəbəkə funksiyalarının çevik yerləşdirilməsini və avtomatlaşdırılmış idarəetməni dəstəkləyir. Bununla yanaşı, peyk orbitin daxilində mobil rabitənin əsas şəbəkəsinin əməliyyatının səmərəliliyini və etibarlığını da artırır.

Orbitdə təxminən 500 kilometr hündürlükdə qurulan bu eksperimental peyklər 36 min kilometr məsafəni qət edən yüksək orbitli peyklərlə müqayisədə aşağı gecikmə və yüksək məlumat ötürmə sürəti kimi üstünlüklər təklif edir. “China Mobile” şirkətinə görə, gələcək inteqrasiya olunmuş kosmik və Yer şəbəkələri üçün mühüm platforma kimi yerləşdirilən aşağı orbitli peyklər yerüstü mobil şəbəkələrdə telekommunikasiya siqnalının əhatə dairəsində boşluqları aradan qaldıra və qlobal miqyasda daha yüksək bant genişliyi ilə peyk internet xidmətləri təqdim edə bilər.

“China Mobile” şirkəti bu sınaq peykləri əsasında kosmosdan Yerə göndərilən siqnallar üzrə texnologiya sənayesinin inteqrasiyasını və inkişafını sürətləndirəcək orbital təcrübələr keçirməyi planlaşdırır.

Xəbər lenti

Çox oxunanlar