Çin fevralın 3-də fərqli yerlərdən iki daşıyıcı raketlə orbitə 20 peyk göndərib.
Yerli vaxtla səhər saat 7:37-də Siçuan vilayətindəki Siçanq buraxılış məntəqəsindən “Böyük yürüş-2C” (Long March-2C) daşıyıcı raketinin buraxılışı həyata keçirilib. Raket 11 “Geely-02” peykini orbitə çıxarıb. Bu, “Böyük yürüş” seriyasından 508-ci raket buraxılışı olub.
“Geely Technology” qrupuna aid “GeeSpace” şirkətinə məxsus peyklər kommunikasiya, naviqasiya və məsafədən zondlama funksiyalarını yerinə yetirəcək. Şirkət 2025-ci ilədək 72 peyklə orbitdə şəbəkə yaradılmasını başa çatdırmağı planlaşdırıb. Bununla “ağıllı səyahət”, özünü idarə edən sistemlər, “ağıllı şəhər” kimi bir çox istiqaməti birləşdirən yeni əhatəli texnoloji mühit yaradılacaq.
İlkin mərhələdə 2022-ci ilin iyununda orbitə 9 “Geely-01” peyki çıxarılıb. Həmin peyklər əsasən “ağıllı bağlantılı” nəqliyyat vasitələrinin səyahət xidmətləri, mobil telefon-nəqliyyat-peyk qarşılıqlı əlaqəsi kimi texnologiyaların araşdırılması və yoxlanılması üçün istifadə edilir.
Fevralın 3-də yerli vaxtla saat 11:06-də Cənubi Çin dənizində gəmidən buraxılan “Ağıllı əjdaha-03” (Jielong-03) daşıyıcı raketi 9 peyki, o cümlədən uzaq retroqqard orbit peykini kosmosa çıxarıb. Onlardan biri (NExSat-1) misirli və almaniyalı mütəxəssislərin birgə hazırladığı eksperimental peykdir.
Bu, “Ağıllı əjdaha” seriyasından 3-cü raket buraxılışı olub. Bərk yanacaqla işləyən həmin raketin hündürlüyü 31 metr, diametri 2,65 metr və başlanğıc çəkisi 140 tondur. Raket ümumi çəkisi 1,5 ton olan bir neçə peyki 500 kilometr yüksəklikdə günəş sinxron orbitinə çıxarmağa qadirdir. (AZƏRTAC)