Azərbaycanda fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-lərin fəaliyyətinin dayandırılması ilə bağlı uçotları ləğv edilib və ümumi uçot məlumatları müvafiq hissələrdə yenilənib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) Xezerxeber.az-a verilən məlumata görə, uçotun ləğv edilməsi ilə bağlı şirkətlərdən İKTA-ya müraciət daxil olub.
Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153-ə çatıb.
“İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər”, - deyə İKTA-nın məlumatında bildirilir.