ABŞ-də xərçəng diaqnozu qoyulmuş xəstələrin qalan ömrünü proqnozlaşdırmaq üçün süni intellektə əsaslanan alət hazırlanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin İllinoys ştatında yerləşən Şimal-Qərb Universiteti Tibb Mərkəzinin tədqiqatçıları bununla bağlı araşdırma aparıb.
Araşdırmada 2015-2017-ci illər arasında xərçəng diaqnozu qoyulan təxminən 260 min süd vəzi, 77 min tiroid və 85 min mədəaltı vəzi xərçəngi xəstəsindən əldə edilən məlumatlar tədqiq olunub. Alimlər toplanmış məlumatlar əsasında süni intellekt sayəsində xərçəngdən əziyyət çəkən insanın ömrünü hesablayıblar. Tədqiqatçı Lauren Janczevski bildirib ki, süni intellekt məlumatları dəqiq şəkildə araşdırır və xəstələrin qalan ömrü barədə məlumat verir. O, süni intellektin xəstənin sağlamlıq vəziyyətinə ən çox təsir edən şiş və müalicə xüsusiyyətlərini nəzərə alaraq, xəstəyə məxsus ömür müddətinin təmin olunduğunu, məlumat modelləşdirmə prosesinin sürətləndirildiyini və dəqiqlik nisbətinin artırıldığını ifadə edib.
Tədqiqatçılar diaqnozdan sonra beş il ərzində xəstələrin sağlamlıq vəziyyətinə ən çox təsir edən dörd faktoru sadalayıblar. Bunlar süd vəzi xərçəngi üçün əməliyyat olub-olmaması, xəstənin yaşı, şişin ölçüsü və diaqnozdan müalicəyə qədər olan müddət kimi sıralanıb. Qalxanabənzər vəzi xərçəngi olan xəstələrdə diaqnoz qoyulma yaşı, şiş ölçüsü, müalicə müddəti və limfa düyünlərinin tutulması ən çox təsir edən faktorlar olduğu müəyyən edilib. Mədəaltı vəzi xərçəngi xəstələrində əməliyyatı olub-olmamasının vacibliyi, xərçəngin mikroskopik analizi, şişin ölçüsü və diaqnoz qoyulma yaşı araşdırılıb. Tədqiqatçılar süd vəzi, tiroid və mədəaltı vəzi xərçənglərində şiş və müalicədəki fərqlərin xəstənin qalan ömrünə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.