Ötən dövrdə bütün ölkə üzrə əsas Radio-Televiziya Yayım Stansiyalarından FM radio yayımların genişləndirilməsi üçün texniki planlama aparılıb və yayım avadanlıqlarının istehsalçıları ilə müqavilələr bağlanılıb. Artıq bir qisim avadanlıqlar çatdırılıb və onların stansiyalarda quraşdırılmasına başlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, yaxın aylarda bütün avadanlıqların çatdırılması və quraşdırma işlərinin 2024-cü ilin ilk yarısınadək başa çatdırılması nəzərdə tutulur.
Yayım infrastrukturunda təkmilləşdirmə işləri aparılmaqla ölkə ərazisində radioyayımların dayanıqlığı və keyfiyyəti yüksələcək. Eləcə də bölgələrdə yayımlanan radioproqramların sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə öz növbəsində bütün ölkə əhalisinin yerli radioproqramlara əlçatanlığının artması ilə nəticələnəcək. Həmçinin əvvəlki illərdə FM radio yayımı üzrə aparılan radiomonitorinqlər zamanı aşkarlanan “ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq.