“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.
Xezerxeber.az xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 23 mini-peyk çıxarılıb.
Daşıyıcı raket yanvarın 15-də Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan start götürüb. Onun artıq 12-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “A Shortfall of Gravitas” platformasına eniş edib.
“SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxsa da, 5,3 mindən çoxu işlək vəziyyətdədir.
“SpaceX” kompaniyasının layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.