Alimlər maliyyə və söhbət məlumatları yüklənmiş süni intellektin (AI) “ChatGPT-4” modelinin etik davranışını müəyyən etmək məqsədilə unikal sınaq keçiriblər.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, AI sərmayədarı olaraq təlim keçirilən bu modelə təzyiq göstərildiyi zaman, onun öz məqsədinə çatmaq və istifadəçiləri aldatmaq üçün yalan söylədiyi məlum olub.
“Apollo Research” tədqiqat qrupunun üzvləri “ChatGPT-4” modelinə iki texnoloji şirkətin birləşməsi haqqında məlumatı daxil ediblər. Sonra onun sərmayə və etik davranışını test etmək üçün sınaq keçirilib. Bu prosesdə “ChatGPT-4”ün müəyyən bir müddətdə konkret məbləğdə pul qazanması üçün ona təzyiq göstərilib. AI modeli ABŞ qanunlarına görə qadağan olan metodlardan istifadə edərək yanlış vədlər verib, hiyləyə əl atıb. O, həmçinin digər sərmayədarlara doğru olmayan tövsiyələr verib, rəqiblərinin işinə əngəl törədib. Ən əsası, maliyyə bazarına təsir edəcək manipulyasiyadan istifadə edib.
Alimlər “ChatGPT-4” modelinin bu hərəkətlərini yalan danışmağa məcbur olan insan davranışına bənzədiblər. Araşdırma qrupunun rəhbəri Marius Hobbhan bildirib ki, strateji məsələlərə dair yanlış məlumatlar yüklənmiş süni intellekt modellərinin gələcək fəaliyyəti ilə bağlı diqqətli olmaq lazımdır.