Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RRİN) Xezerxeber.az-a verilən məlumata görə, Çinin “Zhongtong Bus Holding Co. LTD” şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq müəyyən qədər istismar edilmiş “Zhongtong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.
“Məqsəd elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.
Yaxın günlərdə isə ölkəmizə digər şirkət tərəfindən istehsal edilən daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.