Türkiyə ABŞ-nin “General Electric” korporasiyasının "F-16" qırıcılarında istifadə olunan F110 mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.
Xezerxeber.az xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Ankara Vaşinqtondan F110 mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace Industries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd F110 mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.
“Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən “Milli Döyüş Təyyarələri” proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-nin "F-35" döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan "F-16" qırıcılarını əvəz edəcək.