Şənbə günü Çinin “LandSpace Technology” şitkəti tərəfindən hazırlanmış metanla uçan raket üç peyki orbitə çıxarıb. AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu, Çin özəl raket startapının metan və maye oksigendən istifadə edən kosmik aparatların kommersiya uçuşu üçün hazırlığını yoxlamaq missiyasında bir mərhələ olub.
Missiyanın uğuru investorların potensial raket yanacağı kimi metana inamını artıra bilər ki, bu da xərcləri azaltmağa və təkrar istifadə edilə bilən raketləri daha təmiz və səmərəli şəkildə dəstəkləməyə qadirdir.
Bir neçə özəl çinli raket startapı İlon Maskın “Starlink”inə alternativ olaraq peyklər bürcü yaratmaq üçün artan rəqabət şəraitində öz məhsullarını Çinin genişlənən kommersiya kosmik sənayesində artan tələbat üçün hazırlamaq məqsədilə sınaq və ya kommersiya buraxılışları hazırlayıb.
“Zhuque-2 Y-3” Çinin Daxili Monqolustan bölgəsindəki Jiuquan Peyk Buraxma Mərkəzindən buraxılıb və o, “LandSpace” şirkətinin üçüncü sınaq və peykləri daşımağa qadir olan ilk raketidir. Şirkət, həmçinin İlon Maskın “SpaceX” və Ceff Bezosun “Blue Origin kimi” amerikalı rəqiblərini qabaqlayaraq dünyada metan-maye oksigen raketini buraxan ilk şirkət olub. Günorta saatlarında
raketlə buraxılan üç peykin 460 km hündürlükdə Günəşlə sinxron orbitə çatdığı bildirilib.
Pekində yerləşən şirkət bildirib ki, “Zhuque-2” 500 km orbitə cəmi 1,5 metrik ton yük daşıya bilir, “LandSpace” təkmilləşdirilmiş versiyalarda bu yükü 4 tona çatdırmağı planlaşdırır. Səkkiz yaşı olan startap müştərilərə 2024-cü ildə təxminən üç buraxılış təqdim etməyi planlaşdırdığını və 2025-ci ildə bunu iki dəfə artıracağını bəyan edib.