ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) nadir metalörtüklü “Psyche” asteroidini araşdırmaq üçün eyniadlı kosmik gəmini fəzaya buraxıb.
NASA-nın rəsmi saytının yaydığı xəbərə görə, kosmik gəmi 2029-cu ilə qədər asteroidə çatacağı gözlənilən altı illik missiyadır. “Psyche” Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Falcon” raketi ilə fəzaya göndərilib.
NASA bildirib ki, missiyanın məqsədi elm adamlarının Yerin planetar quruluş bloklarına işıq tuta biləcəyinə inandığı asteroidi araşdırmaqdır, çünki bu göy cismi qaya və dəmir-nikel metalının qarışığından ibarətdir.
Arizona Dövlət Universitetinin Yer və Kosmik Tədqiqatlar Məktəbinin alimi Cim Bell bu missiyanın möhtəşəm olacağını bildirib. O əlavə edib: "Biz bu məlumatları toplayacaq və gələcək nəsillər üçün planet nüvəsini öyrənəcəyik. Fotoşəkillər, kimyəvi analizlər, maqnit sahəsi və cazibə qüvvəsi məlumatları bunun üçün əla materiallar olacaq. Bilirsiniz ki, biz Yerin nüvəsini başqa bir şəkildə öyrənə bilmərik, amma metalörtüklü asteroid nüvələrin necə böyüdüyünü və öz planetimizdə baş verənləri aydınlatmağa kömək edəcək".
Kosmik gəminin 2026-cı ilin mayında Mars istiqamətindən uçacağı və Qırmızı planetin cazibə qüvvəsindən istifadə edərək Yerdən 3,5 milyard kilometr uzaqlıqdakı asteroidə doğru yönələcəyi gözlənilir. O, həmçinin Mars və Yupiter arasındakı əsas asteroid qurşağında metalörtüklü göy cisminə çatdıqdan sonra orbitdə şəkillər və digər məlumatları toplamaq üçün təxminən 26 ay sərf edəcək. Bununla belə, heç bir metal hasil edilməyəcək.
NASA-nın Reaktiv Sürət Laboratoriyasında fizika layihələrinin meneceri Henri Stoun deyib: “Biz missiyanın məqsədlərinə nail olmağı, elmi kəşflərin daha bir tarixi səhifəsini açmağı səbirsizliklə gözləyirik. Komanda kosmik gəmini bənzərsiz bir asteroidə səyahətə hazırlamaq üçün yorulmadan çalışıb."