“Tesla” avtomobil kompaniyası özünün tam avtonom idarəetmə texnologiyasını qurmağa hazırdır, cari ildə bu sahədə xeyli irəliləyiş əldə edilə bilər.
Xezerxeber.az xəbər verir ki, bunu “Tesla” kompaniyasının rəhbəri İlon Mask Şanxayda süni intellekt üzrə beynəlxalq konfransında çıxışı zamanı deyib. “İnsan müdaxiləsi olmadan avtonom idarəetmənin tətbiqinə çox yaxın olduğumuzu hiss edirik. Biz artıq bunu Birləşmiş Ştatların avtomobil yollarında sınaqdan keçirmişik”, - deyə İlon Mask bildirib. Onun proqnozuna görə, kompaniya bu il tam avtonom idarəetmə texnologiyasına nail ola bilər.
Sahibkar müvafiq texnologiyanın avtomobildən daha çox istifadə edilməsinə səbəb olacağını düşünür. Onun sözlərinə görə, adi şərtlərdə ailə avtomobili həftədə 10-20 saat sürülür, tam avtonom rejimdə isə bu göstərici dəfələrlə artaraq 168 saata çata bilər.
İlon Mask, həmçinin kompaniyanın özünün hazırladığı avtonom idarəetmə texnologiyasını digər avtomobil istehsalçıları arasında yaymağa maraqlı olduğunu qeyd edib.