Böyük Britaniya hakimiyyəti İtaliya və Yaponiya ilə müştərək yeni qırıcı təyyarənin hazırlanması üçün “BAE Systems” korporasiyasına 656 milyon funt-sterlinq (822 milyon dollar) ayırıb.
"Reuters" agentliyi xəbər yayıb ki, Birləşmiş Krallıq 2025-ci ilə qədər layihəyə 2 milyard funt-sterlinq (2,5 milyard dollar) sərmayə yatıracaq.
“Gələcək qırıcı təyyarənin yeni maliyyə tranşı ölkəmiz ilə həm Avropa, həm də Asiya-Sakit Okean regionundakı tərəfdaşlarımızın texnoloji nailiyyətlərini birləşdirməyə imkan verəcək”, -deyə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
2022-ci il dekabrın 9-da yeni nəsil qırıcı təyyarənin hazırlanması üzrə Böyük Britaniya və İtaliyanın müştərək “Tempest” və Yaponiyanın F-X proqramlarının vahid GCAP (Global Combat Air Programme) təşəbbüsü ətrafında birləşdiyi elan olunub. Layihənin məqsədi 2035-ci ilin sonunda silahlanmaya qəbul olunacaq yeni qırıcının hazırlanmasıdır. Podratçı kompaniyalar arasında Böyük Britaniyanın “BAE Systems”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” korporasiyaları yer alıb.