Dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir.
Xezerxeber.az “TRT Haber”ə istinadla xəbər verir ki, hərbi gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.
"Bayraktar TB3" hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.
Artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.
Dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. "TCG Anadolu"nun uzunluğu 231, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.
Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.