İrlandiya, Polşa və Baltikyanı ölkələr yeni sanksiyalar paketində smartfonların, radar avadanlıqlarının və lazer cihazlarının Rusiyaya ixracına qadağa qoyulmasını təklif edib.
Xezerxeber.az xəbər verir ki, Rusiya mediası bu barədə Brüsseldə yayımlanan və “EUobserver” nəşrinin əlinə keçən doqquz səhifəlik sənədə istinadla məlumat yayıb.
Sənəddə, həmçinin “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank” da daxil olmaqla, daha çox Rusiya bankın SWIFT sistemindən çıxarılması təklif olunub. Avropa ölkələri Rusiyadan brilyant alınmasına, idxalına və daşınmasına qadağa qoyulmasını da tələb edib. Bundan başqa, nüvə energetikası sahəsində Moskva ilə əməkdaşlığın, ruslara daşınmaz əmlak satışının, həmçinin Avropa İttifaqı və ABŞ-dan nağd pulların Rusiyaya ötürülməsinin qadağan edilməsi barədə təkliflər yer alıb.
Eyni zamanda, Donbasdakı referendumlara cavab olaraq Avropa İttifaqı tərəfindən Rusiyanın bir sıra kiçik banklarına və səsvermənin təşkilində iştirak edən şəxslərə qarşı sanksiyalar və bəzi yüksək texnologiya məhsullarının RF-ə ixracına qadağalar tətbiq ediləcəyi gözlənilir.