“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. Daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:32-də (Bakı vaxtı ilə bazar günü 03:32) Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb.
Xezerxeber.az xəbər verir ki, kompaniyanın məlumatına görə, yerətrafı orbitə daha 52 mini-peyk çıxarılıb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 62-cü qrupudur və onların ümumi sayı 3,3 mini ötüb.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, layihənin reallaşdırılması 10 milyard dollara başa gələcək.
Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır.