Xəzər Xəbər

Azərbaycanda mobil operatorlar 5G-yə keçir?

Texnologiya | 17:20 • 24 Sentyabr 2022
Azərbaycanda mobil operatorlar 5G-yə keçir?

"Bakcell" şirkəti ötən gün baş verən texniki nasazlığın şəbəkədə aparılan təkmilləşdirmə və  modernizasiya işləri ilə bağlı olduğunu açıqlayıb. Şirkət bu işləri "Nokia"nın beynəlxalq dəstək komandası ilə birgə apardığını da qeyd edib.

XəzərXəbər xəbər verir ki, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz mövcud problemləri mobil operatorun 5G-yə hazırlaşması ilə əlaqələndirib:

"Nokia"nın da adı bu mobil operatorun modernizasiya işlərində hallandığından güman etmək olar ki, "Bakcell" 5G-yə hazırlıq görür. Çünki, bir neçə il öncə keçirilən beynəlxalq sərgilərdə "Bakcell" məhz "Nokia" ilə birgə LTE və 5G texnologiyasına hazırlığını nümayiş etdirmişdi. Görünür ki, Bakcell artıq 5G-nin reallaşdırılması istiqamətində "Nokia" ilə birgə real addımlara başlayıb".

Ekspert bildirib ki, hələlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) 5G ilə bağlı hansı tezliklərin və hansı üsullarla mobil operatorlara veriləcəyini açıqlamayıb.

"Ümumiyyətlə, hətta bəzi qonşu ölkələrlə müqayisədə biz bu məsələlərdə bir xeyli ləngimişik.
RİNN-in Dövlət Radiotezliklər İdarəsi isə bir müddət öncə qurumun 5G ilə bağlı konseptual yanaşmasının hazır olduğunu bildirmişdi", - deyə O. Gündüz əlavə edib.

Xəbər lenti