Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələrinin istehsal etdiyi 179 adda məhsul nümayiş olunur. Ümumiyyətlə, nazirliyin müəssisələrinin nomenktulaturası mindən artıqdır. Sərgidə nazirliyin istehsal etdiyi məhsulların yalnız bir hissəsi təqdim edilir.
Sərgiyə müxtəlif ölkələrdən nümayəndə heyətləri və şirkətlər qatılıb. Dörd mindən çox insanın iştirak etdiyi sərgidə 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş olunur.
Sahəsinə və iştirakçı sayına görə ən böyük sərgi olan “ADEX”də pavilyonlar, demək olar ki, tam istifadə olunub.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi budəfəki sərgiyə yeni məhsullarla qatılıb. Bu məhsulların ən önəmlisi 30 millimetr avtomatik topdur. Onun bütün hissələri Azərbaycanda istehsal olunur. Bu avtomatik top BMP-2 maşınlarının üzərində və helikopterlərdə istifadə olunur. Artıq bu toplar Müdafiə Nazirliyinə təhvil verilib.
Nazirliyin nümayiş etdirdiyi digər silah iriçaplı 12,7 millimetrlik pulemyotdur. Azərbaycan hərbi sənaye kompleksi indiyədək yalnız 7,62 millimetrlik pulemyotlar istehsal edirdi. İlk dəfə olaraq 12,7 millimetrlik piyada əleyhinə pulemyot hazırlanır. Bu, Azərbaycan hərbi sənayesində yeni addımdır və MSN üçün böyük nailiyyətdir.
Sərgidə, həmçinin nazirliyin “İstiqlal-3” snayper tüfəngi də təqdim edilir. Bu tüfəng üçüncü ADEX sərgisində nümayiş olunmuşdu. Bu gün o artıq seriya istehsal olunur. Bu silaha həm daxili, həm də xarici bazarda tələbat var. Digər yeni məhsul isə 7,62 millimetrlik avtomatik rejimdə işləyən snayper tüfəngidir. O da artıq seriya istehsalına verilib.
Ölkəmiz mina istehsalında da təcrübəyə malikdir. Bələ ki, nazirliyin müəssisələrində 60, 82 və 120 millimetrlik minalar istehsal edilir.
Hazırda Azərbaycanda 122 millimetrlik artilleriya mərmiləri istehsal olunur. Gələn ildən başlayaraq Müdafiə Nazirliyi MSN-ə sifarişlərini verəcək. Bu da yeniliklərdən biridir.
Sərgidə nümayiş olunan avtomatik 30 millimetrlik qumbaraatan yeni modifikasiyadadır və bütün sınaqlardan keçib. Yaxın gələcəkdə seriya istehsalına başlanıla bilər.
Hazırda sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunur. Bu pilotsuz uçuş aparatları müharibə vaxtı özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı sərgidə nümayiş olunan məhsullar sırasındadır. Onların artıq iki balaca kamikadze növləri sınaqlardan keçib və güc strukturları tərəfindən sifariş olunub. Digərləri isə ilk sınaq nümunələridir və çox böyük çeşiddədir – həm yükqaldıran, həm minaatan, həm də avtomatik silahdan atəş açan dronlar nümayiş olunur.
Xüsusi təyinatlılar üçün 200-400 qram sursatı olan kamikadze dronları da istehsal edilib. Artıq onların sınaqları aparılıb.
Azərbaycan gələcəkdə öz inkişafını məhz pilotsuz uçuş aparatlarının tətbiqi sahəsində gördüyünə görə nazirlik bu məsələyə böyük zaman ayırır.
MSN-nin açıq havada olan ekspozisiyasında üzərində pilotsuz uçuş aparatları yerləşdirilən yeni “Gürzə” avtomobilləri yer alıb. Bu avtomobillər çox qısa müddətdə döyüş vəziyyətinə gətirilir.
Ekspozisiyada ilk dəfə təyyarəçilərin hazırlanması üçün döyüş şəraitinə uyğun stimulyator da təqdim olunur.
Bundan başqa, “BTR-70”in bazasında modernizə olunmuş transportyor da sərgilənir. Nazirliyin müəssisələrində hazırlan ən böyük pilotsuz uçuş aparatı “Aerostar" və "Orbiter-4" sərgidə nümayiş olunur. (AZƏRTAC)