Müasir dünyada yeni texnologiyaların inkişafı gündən-günə vüsət alır. Hazırda pilotsuz uçuş aparatlarının tətbiqi kütləvi xarakter alıb. Pilotsuz uçuş aparatlarının istifadəsinə dair məlumatlar XX əsrin 30-40-cı illərinə təsadüf edir. Əsas olaraq onlardan döyüş təyyarələrinin, zenit-raket komplekslərinin təlimlərində uçan hədəf kimi istifadə olunması nəzərdə tutulub.
Bu barədə sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müasir dövrdə pilotsuz uçuş aparatlarının əhəmiyyəti ilə bağlı keçirilən sessiyada Müdafiə Nazirliyinin nümayəndəsi Səxavət Əsədov bildirib.
O qeyd edib ki, müasir pilotsuz uçuş aparatlarının kütləvi istehsalına XX əsrin 40-50-ci illərində başlanıb, xüsusən soyuq müharibə dövründə geniş vüsət alıb. Bu dönəmdə pilotsuz uçuş aparatlarının kəşfiyyat, izləmə, uçuş tapşırıqları yerinə yetirilib.
Ötən əsrin 90-cı illərindən etibarən peyk naviqasiya sistemlərinin inkişaf etdirilməsi ilə pilotsuz uçuş aparatlarının imkan və qabiliyyətlərində yeniliklərə nail olunub. Texnologiyaların inkişafı, döyüş təcrübələri, pilotsuz uçuş aparatlarının istifadəsində baxışın dəyişməsi ilə kəşfiyyat funksiyalı pilotsuz uçuş aparatlarının müstəqil zərurət vasitəsinə çevrilməsi ilə nəticələnib.
Hazırda Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən təchizat və təminatına görə bütün parametrlərini özündə əks etdirən pilotsuz uçuş aparatları universal təsnifatın özüdür. Buraya daxildir əsasən – birinci sinif, ikinci sinif, üçüncü sinif, uçuş ağırlığına görə, uçuş hündürlüyünə görə və idarəetmə məsafəsinə görə. Hər bir ölkə öz texnoloji imkanlarına, güc strukturlarının ehtiyaclarını nəzərə alaraq müxtəlif tip pilotsuz uçuş aparatlarının istehsalı və ya təchizatını həyata keçirə bilir. Azərbaycanda pilotsuz uçuş aparatlarının altı növü istehsal olunur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində bu istehsalat hazırda davam etdirilir. (AZƏRTAC)