İran Ordusunun baş qərərgah rəisi general Məhəmməd Baqerinin iştirakı ilə ölkənin Hərbi Dəniz Donanmasına yeni gəmilər verilib.
Bəndər Abbas hərbi bazasında keçirilən mərasimdə M.Baqeri yeni gəmilərin İran istehsalı olduğunu bildirib. Qeyd edib ki, gəmilər uzaq hədəfləri vurmaq üçün raket sistemi ilə təchiz olunub.
Mərasimdə çıxış edən ordu generalı Əbdülrəhim Müsəvi isə bəyan edib ki, İran Ordusu yaxın günlərdə genişmiqyaslı hərbi təlimlər keçirəcək. Təlimlərə 150 ədəd pilotsuz uçan aparat, hava hücumundan müdafiə qüvvələri və digər hərbi birliklər qatılacaq.
General nəzərə çatdırıb ki, hava hücumundan müdafiə qüvvələri 24 saat ölkənin hava sərhədlərinin mühafizəsində dayanır. Heç bir düşmən təyyarəsi İranın hava sərhədini poza bilməz.
O vurğulayıb ki, İran heç bir dövlətlə hərbi toqquşmanın baş verməsini istəmir. Lakin İran Ordusu xalqın müdafiəsi üçün hər zaman hazırdır. (AZƏRTAC)