Türkiyənin ən qabaqcıl və təkmil pilotsuz uçuş aparatı (PUA) olan “Akıncı” Azərbaycana tədarük ediləcək.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar "Haber Türk" televiziyasına müsahibəsində deyib.
O açıqlayıb ki, indiyə kimi “Baykar” şirkəti 12 ədəd “Akıncı” PUA-sını Türkiyə Silahlı Qüvvələrinə təhvil verib: "Xaricə ixracımız da olacaq. Bu ilin sonuna kimi Azərbaycana və Pakistana “Akıncı”lar tədarük ediləcək. Azərbaycanla bağlı təlimlər yekunlaşıb. Pakistanın təlimləri davam edir".
Səlcuq Bayraktar əlavə edib ki, bu ilin sonuna kimi 20-ci “Akıncı” PUA-sı istehsal ediləcək.
Qeyd edək ki, zərbə PUA-sının uzunluğu 12,2 m, hündürlüyü 4,1 m, qanadlarının uzunluğu isə 20 m-dir. O, 40.000 fut (12.192 metr) hündürlükdə uça bilir, uçuş çəkisi 5.500 kq-dır və maksimum 1.350 kq faydalı yük daşıyır.
PUA-nın göyərtəsindəki sensorlara elektro-optik/infraqırmızı/lazer işarələmə (EO/IR/LD), çox rejimli aktiv elektron skan edilmiş massiv (AESA) radarı və siqnal kəşfiyyatı (SIGINT) sistemi daxildir. PUA bortda olan sensorlar və kameralardan alınan məlumatları toplamaq və emal etmək üçün qabaqcıl Süni Zəka xüsusiyyətlərindən istifadə edir.
“Akıncı” PUA-ları “Bayraktar TB2” ilə müqayisədə daha böyük döyüş qabiliyyəti ilə döyüş sahəsinə daha öldürücü silahlar və çevik əməliyyat konseptləri (CONOPS) gətirir. PUA lazerlə idarə olunan ağıllı döyüş sursatları, raketlər və uzun mənzilli silahlar kimi müxtəlif silah yükləri ilə təchiz oluna bilər.
“Akıncı” sistemləri “Cirit” raketi, mini ağıllı “Bozok” döyüş sursatları, uzun mənzilli tank əleyhinə raket sistemi (L-UMTAS), MK-81, MK-82 MK-83 idarə olunan bombalar (JDAM) kimi digər silahları da buraxa bilir. PUA “Gökdoğan” və “Bozdoğan” hava-hava raketləri, SOM-A qanadlı raketləri ilə də silahlana bilər.
AESA radarı da daxil olmaqla qabaqcıl sensorlarından istifadə edən “Akıncı” dəqiq zərbələri təmin etmək üçün buraxılmış kamikadze dronlarla real vaxt hədəf yeniləmələrini paylaşa bilər.
Atif